"300$ limiti keçənlərə Mobex-dən dəstək"
Vüsal bəy, istərdik öncə “Mobil Group”la yaxından tanış olaq. Zəhmət olmasa, bizə fəaliyyət istiqamətləriniz haqqında məlumat verərdiniz ?
Qeyd etdiyiniz kimi, Mobil Group şirkətlər qrupudur. Bura Mobil Broker, Mobil Logistics və Mobex şirkətləri daxildir.
Mobil Broker kompleks gömrük xidmətləri təklif edən gömrük təmsilçiliyidir. Broker gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçi rolunu oynayır. Biz idxal və ixrac əməliyyatları zamanı yerli və xarici vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə gömrük rəsmiləşdirilməsində yaxından dəstək oluruq. Onların adından gömrük rəsmiləşdirilmələrini həyata keçirib, qısa vaxtda təhvil veririk.
Mobil Logistics sürətli beynəlxalq daşımaları həyata keçirir. Hava yolu, yerüstü, dəmiryolu və su nəqliyyatı ilə dünyanın dörd bir tərəfindən Azərbaycana, həmçinin əks istiqamətlərdə sahibkarların və korporativlərin yüklərini etibarla daşıyır. Mobil Logistics dünyanın aparıcı hava yolu daşıyıcıları ilə sıx əməkdaşlıq içərisindədir və nüfuzlu FIATA təşkilatının üzvüdür. Biz bu imkanlarımızla müştərilərə kompleks xidmət göstərə bilirik. Məsələn, sahibkarın xaricdəki yükünü ilk ünvandan götürüb, daşınmasını həyata keçirib ölkə ərazisinə gətirir, aidiyyatı gömrük orqanında rəsmiləşdirib son ünvana təhvil veririk.
Mobil Express isə hava yolu ilə qısa müddətdə bağlamaları çatdıran yeni karqo şirkətimizdir. Mobex adı ilə bazara çıxan Mobil Express Türkiyə və Çindən sifarişlərin sürətli çatdırılmasını həyata keçirir. Alıcılar mobex.az saytı ilə etdikləri sifarişləri bir neçə günə qapılarında təhvil ala, yaxud Mobex ofislərindən götürə bilirlər.
Pandemiyanın sərtləşdiyi, onlayn sifarişlərə limit qoyulduğu vaxtda, üstəlik bazarda öz sözünü demiş böyük rəqiblər varkən yeni şirkəti açmaq riskli addıma oxşayır. Bu böyük qərarlılığın arxasında nə dayanır?
Haqlısınız, pandemiya şərtləri altında yeni biznes ideyası haqqında düşünmək ilk baxışdan risklidir. Xüsusən qeyd etdiyiniz kimi bazarda aktiv rəqiblər varkən. Lakin burada vəziyyət qismən fərqlidir. İnsanların bir başa alış-veriş etmə imkanları olmadığı üçün bir çox biznes sahələri alternativ olaraq işlərini onlayn formada davam etdirməli oldular. Zərurətdən irəli gələrək ənənəvi alış-veriş vərdişlərini onlayn alış-veriş üslubu əvəzlədi. Belə bir dönəmdə xarici saytlardan onlayn sifarişlərdə artım müşahidə olunurdu. Məlum olduğu kimi bu növ sifarişlər ölkəyə sürətli karqo şirkətləri vasitəsi ilə gətirilir. Sifarişlərin artması və 300 dollarlıq limitin tətbiq olunması karqo şirkətlərinin iş yükünü artırdı. Biz də həm bazarı, həm də rəqiblərimizi analiz etdik və sifarişçilərin qarşılaşdığı çətinliklərin səbəb və həllərini araşdırdıq. Qərara aldıq ki, bazarın tələbini ödəmək və sifarişçilərin işini asanlaşdırmaq üçün bu biznes ideyasını həyata keçirək.
İlkin mərhələ üçün şirkətimizin bazara ciddi giriş planları vardı. Uzun müddət fəaliyyət göstərən rəqiblər arasında yerimizi tutmalı və sözümüzü deməli idik. Buna görə də aktiv marketinq və reklam fəaliyyətlərimizlə bərabər Müştərilərimizin sifariş vaxtı rahatlığının təmin edilməsi üçün ən müasir texnoloji həllər üzərində çalışdıq. Müştərilərimizi maraqlandıran sualların ən qısa zamanda cavablandırılması üçün Müştəri xidmətləri komandamız 24 saat işləyir. Bununla bərabər işi daim Müştərilərlə ünsiyyətdən ibarət olan sahədə olduğumuza görə çox güclü Müştəri Xidmətləri sistemini qurduq və bu səylərimiz qısa müddətdə Müştəri sayımızın sürətli artımına səbəb oldu.
Hazırda Türkiyə və Çində olan anbarlarımız fasiləsiz iş rejimində çalışır. Sifarişlər sutka ərzində qəbul olunur, çeşidlənir, yola salınmağa hazır vəziyyətə gətirilir. Sifarişçinin bağlaması xarici anbarımıza daxil olduqdan bir neçə gün sonra Bakı anbarına çatdırılır.
Tərəfimizdən tətbiq edilən bir məqam daha var –şirkətlərə korporativ təkliflər edirik. Belə ki, bizimlə əməkdaşlığa başlayan bir şirkətin bütün əməkdaşlarına bir promokod verilir və o kodla saytımızda sifariş edən əməkdaşlara seçimlərinə əsasən əlavə endirim və ya pulsuz çatıdırılma imkanı yaradılır.
Vüsal bəy, Siz həm gömrük brokeri, həm də karqo və logistika şirkətlərinin təsisçisi kimi onlayn sifarişlərdə aylıq 300 dollar limiti necə izah edərdiniz?
Xaricdən onlayn sifarişlərdə limit əvvəl də mövcud idi. Bu limit əvvəl 1000 dollar idisə, artıq 300 dollara endirilib. Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsinin sentyabr ayında verdiyi qərara əsasən xaricdən onlayn alış-verişlərə 300 dollarlıq limit tədbiq olunur. Aylıq limit hesablanarkən sifarişçinin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamaları nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm bağlamanın içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir. Bir təqvim ayı ərzində sifarişlərin məbləği 300 dolları keçmirsə, bunun üçün heç bir rüsum tələb olunmur. Lakin 300 dolları keçərsə, limiti keçən məbləğ rüsuma cəlb edilir.
Məsələn, bir sifarişçinin ay ərzində verdiyi sifarişlərin ümumi məbləği 350 dollar olubsa, burada limitdən sonrakı 50 dollarlıq məbləğ əsasında gömrük və vergi rüsumu təyin edilir.
Bəs, limiti keçənlər gömrük əməliyyatlarını necə həll edir?
Yeni qərar qüvvəyə mindiyi gündən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Smart Customs” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır. Smart Customs Dövlət Gömrük Komitəsinin "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" tədbiqidir. Onlayn sifarişlərlə bağlı gömrük əməliyyatlarını asanlaşdırmaq üçün vətəndaşların istifadəsinə verilib. Artıq hər bir vətəndaş onlayn sifariş verdiyi məhsulu Smart Customs tədbiqi vasitəsi ilə rahatlıqla bəyan edir. Sifarişçi bu tədbiqlə aylıq limitinə nəzarət edir, limiti keçərsə gömrük idarəsinə getmədən gömrük rəsmiləşdirilməsini tədbiq üzərindən həyata keçirə bilir.
Sizin tərəfdən limiti keçənlər üçün gömrük işlərində hər hansı dəstək varmı?
Bəli. Biz bu müddətdə həm Mobex, həm Mobil Broker olaraq, vətəndaşlarımızı onları gözləyən proseslərlə bağlı məlumatlandırmağa, onlara gömrük məsələlərində dəstək olmağa çalışırıq. Mobex-lə verdiyi sifarişlərdə limiti keçən müştərilərimizin gömrük işlərində onlara yaxından köməklik edirik. Qısa vaxtda onların gömrük sənədləşmələrini həll edib, rüsumlar ödəndikdən sonra bağlamalarını gömrük ərazisindən çıxarıb təhvil veririk. Bizimlə sifariş verənlər həm bağlama çatdırılmasında, həm də gömrük işlərində çevik həllər əldə etmiş olur.
Son olaraq qeyd etmək istəyirəm ki, biz Mobil Group olaraq, xidmət göstərdiyimiz hər sahədə özümüzə maarifləndirici mövqe seçmişik. Mütəmadi olaraq, vətəndaşları və korporativləri gömrük, logistika və karqo işi ilə bağlı məlumatlandırır, onlara ödənişsiz konsultasiya edirik. Sizinlə müsahibəmizdə də onlayn sifarişlərdə aylıq limit və gömrük məsələlərini izah etməyə çalışdıq. Bu imkanı yaratdığı üçün Banco.az-a təşəkkür edirik.
24 yan, 2022